Azərbaycan
Respubliaksının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Könüllülük
proqramı”nın açılış tədbiri keçirilmişdir. Qeyd edilmişdir ki, DİA Könüllüləri
proqramının əsas məqsədi elmi-praktiki, mədəni tədbirlərin təşkilinə töhfə vermək,
həmçinin dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində könüllü
mübadilə proqramları həyata keçirməkdən ibarətdir.
Rektor, akademik Urxan Ələkbərov çıxışında
vurğuladı ki, könüllülük hərəkatı müasir cəmiyyətlərdə həm sosial həmrəyliyin
gücləndirilməsində, həm də vətəndaşların fəal mövqeyinin formalaşdırılmasında
mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan gənclərinin ictimai
proseslərdə aktiv iştirakının təşviqi dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir və Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət
İdarəçilik Akademiyası bu siyasətin həyata keçirilməsinə töhfə verən aparıcı
təhsil müəssisələrindən biri olaraq üzərinə düşən missiyanı ardıcıl şəkildə
yerinə yetirir.
Rektor qeyd etdi ki, könüllü fəaliyyət təkcə fərdi
inkişaf üçün deyil, həm də cəmiyyətin institusional gücünün artması üçün
strateji əhəmiyyət daşıyır. Bu fəaliyyət gənclərdə liderlik, komandada işləmək,
məsuliyyət daşımaq, təşəbbüskarlıq kimi mühüm kompetensiyaların formalaşmasına
şərait yaradır. “Könüllülər cəmiyyətin ən dinamik hissəsini təşkil edir və
onların sosial layihələrə cəlb edilməsi həm dövlət qurumları ilə vətəndaş
cəmiyyəti arasında etimad mühitini gücləndirir, həm də yeni idarəetmə mədəniyyətinin
formalaşmasına töhfə verir,” – deyə akademik Ələkbərov bildirdi.
O əlavə etdi ki, DİA Könüllülük Proqramı
çərçivəsində tələbələrin dövlət qurumları ilə birgə müxtəlif sosial,
elmi-praktiki və mədəni layihələrdə iştirakı onların praktiki bilik və
bacarıqlarını artıracaq, eyni zamanda gələcək karyeraları üçün dəyərli təcrübə
qazanmağa imkan verəcək. Proqramın qarşısında duran əsas vəzifələrdən biri də
könüllülüyün davamlı və sistemli şəkildə təşkili, könüllülərin potensialının
üzə çıxarılması və onların dövlət idarəçiliyi sahəsinə inteqrasiyasına dəstək
verməkdir.
Tədbir zamanı DİA-nın Məzunlarla iş sektorunun
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Şükürov, Tədrisin keyfiyyətinin
monitorinqi və məzunlarla iş şöbəsinin baş mütəxəssisi Murad Həsənxanlı, Tədrisin keyfiyyətinin
monitorinqi və məzunlarla iş şöbəsinin mütəxəssisi Gülputa Şirinova, DİA Tələbə Gənclər Təşkilatının
sədri İxtiyar Mahmudzadə və rəsmi
qonaqlar, “Qırmızı Ürəklər Fondu”nun Himayəçilik Şurasının üzvü Günay Məsimova,
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnsan resursları, daxili nəzarət,
sənədlərlə və vətəndaşlarla iş departamentinin müdiri Miraqil Seyidzadə,
“Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı, “İslahat Könüllüləri”
layihəsinin rəhbəri Nailə Cəfərova, Vəkillər Kollegiyasının “Femida Könüllüləri” Təşkilatının
sədri Salman Vahabov könüllük fəaliyyətinin həyata keçirilməsi və əhəmiyyəti
haqqında öz təcrübələrini bölüşmüşlər. Eyni zamanda bir qrup gənc könüllülük
proqramının gənclər üçün əhəmiyyəti haqqında fikir mübadiləsi aparmışdır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və xatirə fotosu çəkilmişdir











