loader image

Dia.edu.az

Dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində ingilis dilinə olan tələbat son illər əhəmiyyətli dərəcədə artmışdır. Qlobal əməkdaşlıq mühitinin genişlənməsi, beynəlxalq layihələr, regional tərəfdaşlıq təşəbbüslərinin reallaşdırılması dövlət qulluqçularının peşəkar ingilis dili bacarıqlarının ən yüksək səviyyədə inkişaf etdirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyanın rektoru, akademik Urxan Ələkbərovun təşəbbüsü ilə, Dillər kafedrasının müdiri, dərsliyin müəllifi və layihə rəhbəri Ülkər Şəfiyevanın bilavasitə rəhbərliyi altında, kafedranın müəllimləri Esmira İsmayılova, Həcər Abdullayeva və Maryam İsgəndərlinin həmmüəllifliyi ilə  “Dövlət Qulluqçuları üçün İngilis Dili” adlı dərslik hazırlanmışdır.

Vəsaitin məzmunu, məqsədi və metodik yanaşması tamamilə orijinaldır.Dərslik dövlət orqanlarında istifadə olunan əsas terminologiya, rəsmi yazışmalar, diplomatik ünsiyyət, iclas və brifinq bacarıqları kimi dövlət qulluqçuları üçün ən vacib mövzuları əhatə edir. Real situasiyalara əsaslanan tapşırıqlar peşəkar kommunikasiya, strateji düşünmə və qlobal əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradır.

Dərs vəsaiti dövlət qulluğunda çalışan mütəxəssislərin ingilis dili bacarıqlarının peşəkar səviyyədə təkmilləşdirilməsinə, eləcə də bu sahədə gələcək kadrların hazırlanmasına xidmət edən nəşrdir.

“Dövlət Qulluqçuları üçün İngilis Dili” adlı  birinci cild kitabdan sonra seriyanın davamı olaraq “Diplomatiya üçün İngilis Dili” adlı dərs vəsaiti nəşr ediləcək.  Bu silsilə nəşrlər yüksək ixtisaslı, qlobal mühitdə rəqabət qabiliyyətli dövlət qulluqçusunun formalaşdırılmasına xidmət edir və Akademiyada peşəkar ingilis dili tədrisinin uzunmüddətli inkişafı üçün möhkəm konseptual baza yaradır.

Vəsait Akademiyanın tədris proqramlarına tam uyğunlaşdırılmaqla yanaşı, beynəlxalq standartlara cavab verəcək səviyyədə hazırlanmışdır. Dövlət qulluqçularının peşəkar inkişafına mühüm töhfə vermək, onların beynəlxalq kommunikasiya bacarıqlarını gücləndirmək məqsədi daşıyan “Dövlət Qulluqçuları üçün İngilis Dili” dərs vəsaiti müasir dövlət idarəçiliyinin tələblərinə cavab verən yüksək funksionallığı ilə seçilir və ölkəmizdə peşəkar ingilis dili tədrisi üçün yeni mərhələ açır.