Noyabrın 19 -da Dövlət
İdarəçilik Akademiyasında Vətən müharibəsində
qələbəmizin 5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında
innovativ idrəetmə və rəqəmsal texnologiyaların rolu” mövzusunda elmi -praktik
konfrans baş tutdu.
Konfransın gündəliyi və seçilmiş istiqamətlər
regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlili, perspektiv
imkanların öyrənilməsinə həsr olunmuşdur.
Konfransın
işində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu,
Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texnologiya
Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Kooperasiya
Universiteti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti, Yevlax Şəhər İcra Hakimiyyəti, Qəbələ Rayon İcra Hakimiyyəti, Quba
Rayon İcra Hakimiyyəti, Qubadlı Rayon İcra Hakimiyyəti, Zərdab Rayon İcra
Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və s. kimi qurum və təşkilatlardan nümayəndələr iştirak etmişlər.
Konfransın açılışında
Dövlət Himni səsləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Tədris İşləri üzrə prorektoru, prof. Əlikram
Abdullayev qonaqları salamlayaraq tədbir iştirakçılarına uğurlar arzulamışdır. Plenar iclasda İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Heybət İmanov, Dövlət İdarəçilik Akademiyasının “Dövlət
idarəetməsi və menecment” kafedrasının müdiri, i.e.d., prof. Xatirə Hüseynova, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyindən Aytac
Əliyeva məruzə
ilə çıxış etmişlər.
Rəsmi hissədən sonra
konfrans “Davamlı inkişaf və yaşıl iqtisadiyyat” və “Rəqəmsal dövlət idarəetməsi və
innovasiyalar” bölmələrində dinləmələrlə
davam etmişdir. Çıxışlarda qeyd
edilmişdir ki, Azərbaycanın bütün ərazilərində, o cümlədən suverenliyimizin bərpa
edildiyi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf
proqramları regionu qısa zamanda post-münaqişə zonası statusundan çıxararaq Azərbaycanın
ən müasir və innovativ inkişaf məkanına çevirib. Hazırda bölgədə ağıllı şəhər və
ağıllı kənd texnologiyaları, rəqəmsal idarəetmə, yaşıl enerji infrastrukturu,
İKT şəbəkələri, smart nəqliyyat sistemləri, dron və sensor nəzarəti, həmçinin
yüksək texnologiyalı aqrar həllər geniş tətbiq olunur.







