“Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın
2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə
edilmiş tədbirlərin icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün
“Vətəndaş müraciətlərinə baxılması və müraciətlərlə əlaqədar kargüzarlığın
aparılmasının xarakterik cəhətləri” mövzusunda təlim keçirilmişdir.
Təlim DİA-nın “Hüquq” kafedrasının
müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov tərəfindən təqdim
olunmuşdur. Təlimçi öz çıxışında vətəndaş müraciətlərinə baxılması prosesinin
dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və operativliyin təmin edilməsində
mühüm rol oynadığını vurğulamışdır.
Təlim müddətində iştirakçılara
müraciətlərin qəbulu və icrasına dair hüquqi tələblər, müraciətlərin təsnifatı,
sənəd dövriyyəsinin düzgün təşkili, icra intizamının təmin olunması, cavabların
hazırlanması və rəsmiləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir.
Bununla yanaşı, müraciətlərə baxılma prosesində etik davranış normaları,
vətəndaş məmnuniyyətinin artırılması, elektron müraciətlərin idarə edilməsi və
kargüzarlığın müasir standartlara uyğun təşkili kimi mövzular geniş şəkildə
şərh olunmuşdur.
Təlim interaktiv müzakirələr
şəraitində keçirilmiş, iştirakçılar müraciətlərlə bağlı praktiki halların
həlli, institusional çətinliklərin aradan qaldırılması və sənəd dövriyyəsinin
səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparmışlar.
Təlimin sonunda qeyd edilmişdir ki,
vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması dövlət idarəçiliyində
peşəkarlığın, şəffaflığın və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin
artırılmasının əsas şərtlərindən biridir.




