19 noyabr 2025-ci il tarixində
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci
illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər
Planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına (DİA) həvalə edilmiş tədbirlərin icrası çərçivəsində Naxçıvan
Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən
dövlət qulluqçuları üçün “Dövlət qulluğunda motivasiya” mövzusunda təlim həyata
keçirilmişdir.
Təlim DİA-nın “Dövlət Qulluğu və
Kadr Siyasəti” kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru
Esmira Qasım qızı Osmanova tərəfindən təqdim olunmuşdur. Mühazirəçi öz çıxışında
dövlət qulluğunda motivasiya mexanizmlərinin əmək məhsuldarlığının, xidmətdə
səmərəliliyin və peşəkarlığın artırılmasında strateji əhəmiyyət daşıdığını
xüsusi vurğulamışdır.
Təlim müddətində iştirakçılara
motivasiya nəzəriyyələri, müasir kadr siyasətinin əsas istiqamətləri, işçi
məmnuniyyətinə təsir göstərən sosial-psixoloji və institusional amillər, eləcə
də dövlət qulluğunda peşəkar inkişafın stimullaşdırılmasına dair aktual
yanaşmalar təqdim edilmişdir. Bununla yanaşı, dövlət qulluğunda motivasiya
sisteminin strukturlaşdırılması, insan resurslarının idarə edilməsində
psixoloji və idarəetmə faktorlarının öyrənilməsi, komanda mühitinin
formalaşdırılması, fəaliyyətin qiymətləndirilməsi və mükafatlandırma
mexanizmlərinin tətbiqi istiqamətlərində geniş izahlar verilmişdir.
Təlim prosesində iştirakçılar
motivasiya sistemlərinin tətbiqində üzə çıxa biləcək institusional və təşkilati
çətinliklərin aradan qaldırılması, dövlət idarəçiliyində müasir yanaşmaların
inteqrasiyası və qərar qəbuletmə prosesində motivasiya alətlərinin əhəmiyyəti
mövzularında praktik müzakirələr aparmışlar.
Təlimin sonunda vurğulanmışdır ki,
səmərəli motivasiya sistemi dövlət qulluğunda şəffaflığın, məsuliyyətin,
idarəetmədə peşəkarlığın və xidmət keyfiyyətinin artırılmasının əsas şərtlərindən
biridir. Təlim prosesinin yüksək dərəcədə interaktiv şəkildə keçirilməsi
iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə, fikir mübadiləsində aktiv
iştirakına və praktiki bacarıqlarını təkmilləşdirməsinə imkan yaratmışdır.
