loader image

Dia.edu.az

Dekabrın 4 -də Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” mövzusunda seminar baş tutmuşdur.

 Tədbiri giriş sözü ilə açan Tarix kafedrasının müdiri, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyə Əhmədova Mərkəzin çoxşaxəli fəaliyyətinə toxunaraq bildirdi ki, son illərdə Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlərdə sistemli elmi tədqiqatlara başlanıb. O, mərkəzin arxiv və xəritə materialları üzərində apardığı işlərdən, beynəlxalq elmi əlaqələrdən  danışdı.

Firdovsiyyə Əhmədova vurğuladı ki, məqsəd yalnız tarixi faktları toplamaq deyil, həm də Qərbi Azərbaycan irsinin elmi əsaslarla dünyaya təqdim edilməsidir. O, Mixiyazılı mənbələrin xüsusilə mühüm rol oynadığını, bu tip yazılı qaynaqların Azərbaycan ərazilərinin qədim dövrlərdən etibarən regional proseslərdə yerini təsdiq etdiyini qeyd etdi.

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Hikmət Babaoğlu milli yaddaşın və tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycan dövləti bu gün tarixi həqiqətlərin üzə çıxarılması və sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasətin ideya əsasını isə Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı irəli sürdüyü konseptual yanaşma təşkil edir.

Hikmət Babaoğlu qeyd etdi ki, mixiyazılı mənbələr kimi ən qədim yazılı tarixi qaynaqlarda Qərbi Azərbaycan əraziləri ilə bağlı faktların mövcudluğu Azərbaycan xalqının bu torpaqlardakı dərin tarixi köklərinin danılmaz sübutudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektorunun müşaviri, Bakı Politoloqlar Klubu (Mərkəzi)-nin rəhbəri  Zaur Məmmədov qeyd etdi ki, Qərbi Azərbaycan tarixi Prezident İlham Əliyevin təşəbbüs və tapşırıqları çərçivəsində ölkənin elmi və ictimai gündəliyinin prioritet istiqamətlərindən birinə çevrilib. O vurğuladı ki, dövlət başçısı tərəfindən Qərbi Azərbaycanla bağlı mövzuların araşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu sahədə akademik potensialın səfərbər edilməsi üçün geniş imkanlar yaradılıb.

Zaur Məmmədov çıxışında həmçinin qeyd etdi ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşın bərpası deyil, həm də milli kimliyin, ədalət prinsipinin və sülhün bərpasına yönəlmiş strateji dövlət siyasətinin bir hissəsidir. Bu kimi tədbirlərin keçirilməsi isə həm elmi ictimaiyyət, həm də tələbələr üçün mühüm maarifləndirici əhəmiyyət daşıyır.

Seminarın əsas məruzəçisi – AMEA Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə – “Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” mövzusunda geniş elmi araşdırma ilə çıxış etdi. Təqribən 1 saat davam edən təqdimat ərzində o, qədim Şərq sivilizasiyalarına aid mixiyazılı lövhələr, qədim fars, assur-babil, urartu mənbələri və digər erkən yazılı qaynaqlarda Qərbi Azərbaycanla bağlı məlumatları sistemləşdirərək auditoriyaya təqdim etdi.

Ramin Əlizadə məruzəsində aşağıdakı əsas məqamlara toxundu:

1. Mixiyazının yaranması və Qafqaz regionunda yayılması

O, əvvəlcə mixiyazının tarixi barədə qısa məlumat verərək qeyd etdi ki, bu yazı sistemi eramızdan əvvəl IV–I minilliklər arasında Yaxın Şərqdə yaranaraq regionun bir çox dövlət və tayfaları tərəfindən istifadə olunub. Əlizadə bildirdi ki, Urartu, Assuriya və Midiya dövlətlərinin hazırladığı mixiyazılı lövhələrdə Qafqazın cənub-qərb torpaqları barədə kifayət qədər məlumat mövcuddur.

2. Urartu mənbələrində Qərbi Azərbaycan

Araşdırmaçı Urartu çarı I Argiştinin, Sardurinin və Menuanın yürüş yazılarından sitatlar gətirərək həmin mənbələrdə Qərbi Azərbaycanın müxtəlif toponimlərinin qeyd olunduğunu bildirdi. O, Van gölü hövzəsi və ətraf ərazilərdə yaşayan tayfaların, eləcə də Göyçə, Zəngəzur və Arazboyu ərazilərlə bağlı məlumatların mixiyazılı mənbələrdə öz əksini tapdığını vurğuladı.

Əlizadənin sözlərinə görə, bu mənbələr Qərbi Azərbaycanın qədim dövrlərdən etibarən məskunlaşma məkanı olduğunu elmi şəkildə təsdiqləyir.

3. Assuriya-Babil yazılarında Azərbaycan izləri

Tədqiqatçı Assuriya hökmdarları II Sarqon, III Salmanasar və III Tiqlatpalasarın yürüş qeydlərindən istifadə edərək Qərbi Azərbaycan ərazilərində yaşayan tayfaların tarixi barədə danışdı. Bu mənbələrdə etnik tərkib, iqtisadi fəaliyyət, ölkələrarası ticarət yollarının keçdiyi ərazilər kimi məlumatlar xüsusi detallarla verilir.

4. Midiya və Əhəməni mixiyazılı kitabələri

Ramin Əlizadə xüsusilə Əhəməni dövlətinə aid Behistun və Persepolis yazılarının əhəmiyyətini qeyd etdi. Onun fikrincə, bu mənbələr Azərbaycanın qədim dövrlərdə böyük imperiyalarla siyasi və iqtisadi əlaqələrini göstərən ən mühüm yazılı faktlardandır. O, həmin mənbələrdə qeyd olunan əyalətlərin və xalqların adlarının müasir Qərbi Azərbaycan coğrafiyası ilə uzlaşdığını xüsusi vurğuladı.

5. Qərbi Azərbaycanla bağlı yeni elmi faktlar

Məruzəçi araşdırmalar zamanı daha əvvəl geniş işlənməmiş və ya yeni tapılmış bəzi mixiyazılı mənbələrdən də nümunələr təqdim etdi. Bu materiallarda:

·                      qədim Azərbaycan tayfalarının adlarının,

·                      Göyçə və Araz vadisi ilə bağlı toponimlərin,

·                      regionda dövlətçiliyin ilkin formalarının,

·                      iqtisadi və hərbi fəaliyyətlərin

aydın təsviri auditoriya ilə bölüşüldü.

 

Ramin Əlizadə çıxışının sonunda qeyd etdi ki, mixiyazılı mənbələrin analizi Qərbi Azərbaycan tarixinin dərin köklərə malik olduğunu sübut etməklə yanaşı, bölgədə azərbaycanlıların qədim etno-mədəni varlığının danılmaz elmi əsaslarını ortaya qoyur. O bildirdi ki, bu istiqamətdə aparılan tədqiqatlar yalnız tarixi həqiqətlərin bərpası deyil, həm də müasir dövr üçün strateji əhəmiyyət daşıyır.

Məruzə həm akademik baxımdan zəngin faktlarla, həm də yeni elmi yanaşmalarla yadda qaldı və auditoriyada böyük maraq oyatdı.