11 dekabr 2025-ci il tarixində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
(DİA) Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş “Suverenlik
fəlsəfəsi” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Konfransdan
öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Akademiyadakı büstünü ziyarət edərək onun
xatirəsini ehtiramla yad etmişlər.
Konfrans
plenar iclasla işinə başlamışdır. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransın
açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz
xidmətləri barədə danışmışdır. Rektor qeyd etmişdir ki, Azərbaycan dövlətinin
xilaskarı olan Heydər Əliyev bütün həyatını xalqın müstəqilliyinə, ölkənin
sabitliyi və tərəqqisinə həsr etmişdir.
Rektor
vurğulamışdır ki, suverenlik fəlsəfəsi mövzusu təsadüfi
seçilməmişdir. Heydər Əliyevin dövlətçilik konsepsiyası, suverenlik ideyaları
və hüquqi dövlət quruculuğu prinsipləri müasir Azərbaycanın ideoloji, siyasi və
iqtisadi təməllərini formalaşdırmışdır. Məhz Ümummilli Liderin rəhbərliyi ilə
atılan fundamental addımlar nəticəsində Azərbaycan qısa müddətdə dağılmaq
təhlükəsindən xilas olaraq sabit, güclü və müstəqil dövlətə çevrilmişdir.
Rektor
həmçinin qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi
ardıcıl və praqmatik siyasət nəticəsində bu strateji kurs daha da güclənmiş,
Azərbaycan regionun lider dövləti, 44 günlük Vətən müharibəsinin qalibi kimi
beynəlxalq arenada nüfuzunu artırmışdır.
Konfrans
çərçivəsində dövlətçilik fəlsəfəsi, suverenlik, hüquqi və ideoloji əsaslar üzrə
geniş məruzələr təqdim edilmişdir.
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, DİA -nın İqtisadiyyatın Dövlət tənzimlənməsi
kafedrasının müdiri, dosent Azər
Əmiraslanov “Azərbaycanın dövlət
suverenliyinin iqtisadi əsaslarının yaradılması Ümummilli Lider Heydər Əliyevin
tarixi xidmətidir” mövzusunda çıxış etmişdir. O, 1990 -cı illərin əvvəllərində
gərgin iqtisadi vəziyyət fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gələrək
Azərbaycanı xilas etməsi, apardığı iqtisadi islahalatlar və hazırda ölkəmizin
iqtisadi göstəriciləri, aparılan
iqtisadi siyasət haqqında danışmışdır.
Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti”
kafedrasının müdiri, professor Hikmət Babaoğlu
“Azərbaycanın
dövlət suverenliyinin siyasi əsasları” mövzusunda çıxış edərək
Ulu Öndərin siyasi islahatları, dövlət quruculuğu və hakimiyyət institutlarının
formalaşması istiqamətində atdığı
addımları və müasir Azərbaycan Respublikasının daxili və xarici siyasət aspektləri
haqqında çıxış etmişdir.
DİA
“Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev
“Azərbaycan
Respublikasının Konstitusiyası: suverenlik manifesti”
mövzusunda çıxış edərək 1995-ci ildə Konstitusiyasının qəbulu, hüquqi dövlət
quruculuğunun əsas mərhələləri və konstitusiya islahatlarının əhəmiyyətindən bəhs
etmişdir.
DİA
“Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova
“Azərbaycan
dövlətçiliyində modernləşmənin tarixi-ideoloji əsasları”
mövzusunda məruzə edərək qədim dövrlərdən başlayaraq müasir dövrə qədər dövlətçilik
ənənələrinin inkişafı, modernləşmə prosesləri barədə elmi mülahizələrini təqdim
etmişdir.
Plenar iclasdan sonra konfrans iki bölmə üzrə işini
davam etdirmişdir. Birinci panel DİA-nın I prorektoru Əlikram Abdullayevin moderatorluğu
ilə keçirilmiş, “Fəlsəfə və sosial psixologiya” kafedrasının müəllimləri
mövzuya dair elmi çıxışlar etmişlər.
İkinci panel siyasi elmlər doktoru, professor Sevil Məmmədovanın
sədrliyi ilə təşkil olunmuş, burada DİA Tələbə Elmi Cəmiyyətinin üzvləri öz
tədqiqatlarını təqdim etmişlər.
Konfransın
sonunda ümumi müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış və
tədbir ümumi
xatirə fotosu ilə yekunlaşmışdır.





