Dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində ingilis dilinə olan
tələbat son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Qlobal əməkdaşlıq mühitinin genişlənməsi, beynəlxalq layihələr, regional tərəfdaşlıq
təşəbbüslərinin reallaşdırılması dövlət qulluqçularının peşəkar ingilis dili bacarıqlarının ən yüksək səviyyədə inkişaf etdirilməsini zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyanın rektoru, akademik Urxan Ələkbərovun
təşəbbüsü ilə, Dillər kafedrasının müdiri, dərsliyin müəllifi və layihə rəhbəri
Ülkər Şəfiyevanın bilavasitə rəhbərliyi altında, kafedranın müəllimləri Esmira
İsmayılova, Həcər Abdullayeva və Maryam İsgəndərlinin həmmüəllifliyi ilə “Dövlət Qulluqçuları üçün İngilis Dili” adlı
dərslik
hazırlanmışdır.
Vəsaitin məzmunu, məqsədi və metodik yanaşması
tamamilə orijinaldır.Dərslik dövlət orqanlarında
istifadə olunan əsas terminologiya, rəsmi yazışmalar, diplomatik ünsiyyət,
iclas və brifinq bacarıqları kimi dövlət qulluqçuları üçün ən vacib mövzuları
əhatə edir. Real situasiyalara əsaslanan tapşırıqlar peşəkar kommunikasiya,
strateji düşünmə və qlobal əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradır.
Dərs vəsaiti dövlət qulluğunda çalışan mütəxəssislərin ingilis dili
bacarıqlarının peşəkar səviyyədə təkmilləşdirilməsinə, eləcə də bu sahədə
gələcək kadrların hazırlanmasına xidmət edən nəşrdir.
“Dövlət Qulluqçuları üçün İngilis Dili” adlı birinci cild kitabdan sonra seriyanın davamı
olaraq “Diplomatiya üçün İngilis Dili” adlı dərs vəsaiti nəşr ediləcək. Bu silsilə nəşrlər yüksək ixtisaslı, qlobal
mühitdə rəqabət qabiliyyətli dövlət qulluqçusunun formalaşdırılmasına xidmət
edir və Akademiyada peşəkar ingilis dili tədrisinin uzunmüddətli inkişafı üçün
möhkəm konseptual baza yaradır.
Vəsait Akademiyanın tədris proqramlarına tam
uyğunlaşdırılmaqla yanaşı, beynəlxalq standartlara cavab verəcək səviyyədə
hazırlanmışdır. Dövlət qulluqçularının peşəkar inkişafına mühüm
töhfə vermək, onların beynəlxalq kommunikasiya bacarıqlarını gücləndirmək məqsədi
daşıyan “Dövlət
Qulluqçuları üçün İngilis Dili” dərs vəsaiti müasir dövlət idarəçiliyinin
tələblərinə cavab verən yüksək funksionallığı ilə seçilir və ölkəmizdə peşəkar
ingilis dili tədrisi üçün yeni mərhələ açır.
