loader image

Dia.edu.az

Dekabrın 3-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev milli kimliyimizi qorumaq üçün əvvəlcə ana dilimizə münasibətimizi düzgün qurmalı olduğumuzu bildirmişdir. “Ana dilinə münasibət iki aspektdə özünü göstərir. Birincisi, sosial funksiyalar, ikincisi isə siyasi funksiyalardır. Bu sözləri Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil olunmuş dəyirmi masada söyləyib. O bildirib ki, sosial funksiyalarla bağlı müxtəlif fikirlər mövcuddur. Azərbaycan kontekstində ana dilinin təxminən 8 əsas funksiyası seçilib. Bu funksiyaların hər birinin arxasında ya qanunvericilik, ya da Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış prinsiplər dayanır”.

“Dilə münasibət yalnız mənəvi yanaşma ilə qoruna bilməz. Ana dilimizin qorunması və inkişafı üçün həm də qanunçuluq və hüquqi bazanın mövcudluğu vacibdir. Azərbaycan Respublikasının qanunları və Prezident İlham Əliyevin dilimizin qorunması və inkişafına dair qəbul etdiyi müxtəlif proqramlar bu hüquqi baza və Konstitusiya prinsiplərinə xidmət edən əsas amillərdir”, – deyə İ.Vəliyev vurğulayıb.

  https://azertag.az/xeber/professor_dile_munasibet_yalniz_menevi_yanasma_ile_qoruna_bilmez-3894399